Bır sıra hallarda iş yerlərində işçilərin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülmür. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur.
Statistikaya görə, təkcə ötən il istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 48 nəfər dünyasını dəyişib. 202 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daha çox hansı sahələrdə qeydə alınmasına gəlincə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdiri Vüsal Məmmədov deyir ki, emal, tikinti, mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı bu siyahıya başçılıq edir.
Araşdırmalar göstərir ki, işəgötürənlər işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmir. Hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırmır. Doğrudur, həm işəgötürən, həm də işçi təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Lakin bu qaydaların tətbiqinə nəzarət işəgötürənin üzərinə düşdüyündən bütün məsuliyyəti də o daşıyır.
Hər hansı bədbəxt hadisənin baş verməsindən sığortalanmaq mümkün olmasa da, dəymiş zərərin qarşılanması üçün sığortadan istifadə edilir. Söhbət “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən əmək qabiliyyətinin itirilməsi” sığorta növündən gedir. Belə ki, iş yerində işçi xəsarət alarsa və ya həlak olarsa, ona və ya ailəsinə sığorta haqqı verilir.
Sığorta eksperti Ruslan Ələkbərov bu məsələyə aydınlıq gətirib: “Məsələn, 45 yaşlı bir işci həyatını itiribsə, 500 manat maaş alırdısa və iki övladı varsa, onun ailəsinə 45 min manat sığorta ödənişi edilir”.
Sığortanın bu növü icbaridir. Mülkiyyət növündən asılı olmayaraq, bütün iş yerləri işçilərini sığortalamalıdır. Əks halda fiziki şəxslər 500, hüquqi şəxslər 5000, rəhbər şəxslər isə 1500 manat cərimə olunurlar.
Sədaqət Süleyman